"Azərbaycan xalqına, ədəbiyyatına sevgim hədsizdir" Əbdüllətif Bəndəroğlu
İraqlı şair Əbdüllətif Bəndəroğlu "Bir birimizə, öz xalqımıza, öz millətimizə xidmət etməyi düşünməliyik" deyir
Professor Qəzənfər Paşayev onu İraq xalqının, xüsusən də İraq Türkmanlarının qəhrəmanı hesab edir. Onun fikrincə: "İraqla əlaqələrimiz yolunda ən böyük addımları Əbdüllətif Bəndəroğlu atıb. Bəndəroğlu'nun gördüyü işi böyük bir elmi-tədqiqat institutu görə bilməzdi. O öz enerjisi, Azərbaycan'a olan sonsuz məhəbbəti hesabına bunu edə bildi".
Bizim isə İraq-Türkman ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist Əbdüllətif Bəndəroğlu haqqında bildiklərimiz bu qədərdir: 34 kitabın müəllifidir. 3 şe’rlər kitabı Türkiyə'də, ikisi Azərbaycan'da çap olunub. Bədii yaradıcılıqla bərabər elmi fəaliyyətlə də məşğuldur. Ədəbiyyat tarixi, araşdırma, tədqiqatlara dair Ərəbcə 9 kitab yazıb. Ərəb dilində Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan ədəbiyyatı, mədəniyyəti ilə bağlı ilk toplu şəklində materiallar ona məxsusdur. Mə’lumat üçün deyək ki, elə tək Azərbaycan haqqında Əbdüllətif bəy 14 kitab yazıb.
Əbdüllətif Bəndəroğlu ötən həftə beş gün müddətində Bakı'da qonaq idi. Yaradıcılığını milli ədəbiyyatımızın tək öz ölkəsində deyil, bütün Şərqdə təbliğinə həsr edən belə bir yaradıcı insanla görüşüb söhbətləşmək imkanını əldən vermədik.
- Əbdüllətif bəy, Azərbaycan'a xoş gəlmisiniz. İlk sualım belədir - Azərbaycanla tanışlığınız nə vaxtdan və necə başladı?
- Azərbaycan-İraq Dostluq Cəmiyyəti'nin də’vətilə Bakı'ya ilk ziyarətimi 1972-ci ildə etmişəm. Əvvəlcə Moskva'ya, ordan da Bakı'ya gəldim. 15 gün Azərbaycan'da qaldım. Şairlərlə, yazıçılarla görüşdüm. İmran Qasımovla, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Süleyman Rüstəm, Həmid Araslı, Abbas Zamanov, Məmməd Ariflə ilk dəfə onda tanış oldum. Təbii, həmin vaxtdan xeyli əvvəl mən Azərbaycan Ədəbiyyatı ilə yaxından əlaqə qurmaq istəyirdim. Amma o zaman İraqla SSRİ arasında münasibətlər buna imkan vermirdi. İraqla Azərbaycan arasında əlaqə 1958-ci ildən sonra quruldu. Bundan sonra Bakı'nı 1972-də ancaq ziyarət edə bildim.
- Azərbaycan ədəbiyyatının İraq'a yolunu siz açmısınız. İraq Türkmanları ədəbiyyatımızın, onun timsalında dilimizin, mə'nəviyyatımızın, ruhumuzun bir olduğunu da onda yəqinləşdiriblər. Bu gün bu səviyyəyə çatan münasibətlərin təməlini nədən başladınız?
- İraq'da həftəlik "Yurd" qəzeti çıxır. O zaman qəzetin baş redaktoru mən idim. Bakı'dan Bağda'da dönəndən sonra "Bakı'da on günlük" başlığı altında silsilə yazılar çap etdirdim. "Azərbaycan şe’rindən seçmələr", "Azərbaycan şe’ri", Füzuli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə haqqında kitab, Nəsimi'nin divanını, Elçi'nin, Kamil Vəli Nərimanoğlu'nun öz kitablarını buraxdım. 1999-cu ildə təqaüd yaşımla bağlı "Yurd" qəzetindən çıxdım. Sonralar da Azərbaycan'a dair bir neçə məqalə yazdım. İndi vəziyyət də dəyişib, öz yazarlarımız, şairlərimiz də çoxalıb. İllər keçdikcə Türkman ədəbiyyatı da inkişaf edir. Yadımdadır, 1994-cü ildə İraq'da böyük şairimiz Füzuli'nin 500 illiyini keçirmək istəyirdik. İraq hökumətinin qərarı ilə bir komitə yaradıldı. Mən də o komitənin üzvüydüm. O zaman İraq'da vəziyyət yaxşı deyildi. Buna baxmayaraq, telefonla 128 nəfəri Bağdad'a də’vət edə bildim. Hamısı da gəldi. Füzuli'nin Bağdad'da yubileyini çox təntənəli şəkildə keçirdik.
Azərbaycan xalqına, ədəbiyyatına sevgim hədsizdir. Bu sevgi ölüncəyə qədərdir.
- Uzun illərin ayrılığından sonra görüşmüş ədəbiyyatımızın, mədəniyyətimizin bir-birinə tə’siri barədə nə deyə bilərsiniz?
- Dediyim kimi, İraq-Türkmanlarının Azərbaycan ədəbiyyatı ilə yaxından tanışlığı "Yurd" qəzeti ilə oldu. Azərbaycan şe’rindən, nəsrindən ilk dəfə "Yurd"da çap etdirdiyim məqalələr yolu ilə İraq Türkmanları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin hansı səviyyəyə yüksəlməsindən xəbər tutdular. Hər gəlişimdə buradan özümlə Azərbaycan mahnılarından ibarət kasetlər də aparırdım. O mahnıları oradakı qardaşlarımıza verirdim. İndi bizim müğənnilər oxuyanda onların Azərimi, ya Türkman olduğunu seçmək çox çətindir. Eyni nəzmləri oxuyurlar. Qarabağ üslubu, mövzusu bizim mahnılarda da yer alıb. Deməyim budur ki, ölkələrimiz arasındakı yaxınlıq tarix boyunca davam edib. O zaman Molla Vəli Vidadi şe’rində durnalara xitabən deyir ki, Bağda'da məndən salam aparın. Uzun sürən sükutdan sonra Azərbaycanlılara bizlərdən xəbəri ilk dəfə Qəzənfər müəllimin İraq'da yaşadığı 6 il müddətində yazdığı "6 il Dəclə-Fərat sahilində" kitabı verdi. Bu kitab İraq-Türkmanlarını sizlərə bir az da yaxınlaşdırdı. O kitabı keçən il Ərəbcəyə çevirib çap etdirdim. Təsadüfi deyil ki, İraqda çap etdirdiyim ilk kitablardan biri də Qəzənfər Paşayev'in İraq-Türkman folkloru haqqında yazdığı kitabı idi. O kitabı da Bağdad'da Azərbaycan dilində çap etdirdim. Daha sonra 1999-cu ildə Qəzənfər Paşayevlə birgə işlədiyimiz "Azərbaycan folkloru antologiyası"nın İraq-Türkman cildi də çapdan çıxdı.
- Gözəl şairimiz Səməd Vurğun'un da Ərəbcəyə ilk tərcüməçisi siz olmusunuz. Həm də bu, sizin Azərbaycan ədəbiyyatından Ərəb dilinə ilk tərcümə işiniz idi.
- Doğrudur. Qismət gətirdi və mən 1976-cı ildə Səməd Vurğun'un burada keçirilən yubileyinə də’vət olundum. Gəldim, iştirak etdim. Bağdada dönəndə Səməd Vurğun'un şe’rlər kitabını alıb apardım və Ərəbcəyə tərcümə etdim. Kitabı Moskva'da çap etdilər. O kitab Səməd Vurğun'un Ərəbcəyə tərcümə edilən ilk şe’rlər kitabı oldu. Mənim tərcüməmdən sonra Səməd Vurğun'un şe’rləri Ərəbcəyə tərcümə edilməyə başladı.
- Hər dəfə olduğu kimi, bu dəfəki gəlişinizin də yəqin ki, səbəbi var. Bildiyimizə görə, siz bir lüğət üzərində işləyirsiniz.
- Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra mən Azərbaycan xalqına bir hədiyyə olaraq, Azərbaycanca-Ərəbcə bir lüğət hazırladım. İndiyədək sizdə belə bir lüğət çap olunmayıb. Bu lüğəti hər gəlişimdə Qəzənfər Paşayev və Vasim Məmmədəliyevlə işləyirik. İnşallah, Qəzənfər müəllim bu lüğəti də çap etdirəcək. Başqa birgə işimiz hələ Sovetlər dövründən hazırlamağa başladığımız İraq şe’r antologiyasıdır. İraqda yaşayan Ərəb, Kürd və Türkman şairlərinin şe’rlərindən nümunələr seçib Ərəbcədən Azərbaycancaya çevirdim. Kitab tam hazır oldu və biz onu nəşriyyata verdik. Bir müddət də "Yazıçı" nəşriyyatında yatdı. Nəsə, çap eləmədilər. Qəzənfər müəllim aprel ayında Bağdad'a gələndə İraq informasiya nazirinin müavini ilə görüşümüz oldu. Nazir müavini Həmid Səid də şairdir. Onunla söhbət əsnasında Həmid dedi ki, Bəndəroğlu'nun hazırladığı "İraq şe’r antologiyası"nı mən özüm öz hesabıma Bakı'da çap etdirəcəm. Artıq beş gündür Bakıdayam. Və bu beş gün ərzində biz bu kitab üzərində işlədik. Kitab tam hazırdır. Ümid edirəm Qəzənfər müəllim bu həftə o kitabı çapa verəcək.
Məni sevindirən daha əhəmiyyətli bir məsələ var. Qəzənfər müəllimin yaxından köməkliyi ilə bu yaxınlarda Nizami adına ədəbiyyat muzeyində qurulan İraq-Türkman ədəbiyyatı və mədəniyyəti daimi ekspozisiyası çox xoşuma gəldi. Bu, çox mühüm və böyük işdir. Hesab edirəm ki, İraqla Azərbaycan arasında olan dostluğun bir rəmzi kimi həmişə tarixdə qalacaq. Çünki hər zaman ümidim o olub ki, iki ölkə, iki xalq arasında əlaqələr möhkəmlənsin. Gediş-gəliş çoxalsın. Bir-birimizi daha yaxından tanıyaq və tanıtdıraq. Bu ekspoziyanın dediyim yönümdə əhəmiyyətini yüksək qiymətləndirirəm. Buna görə də muzeyin direktoru İsrafil İsrafilov'a sonsuz minnətdaram və ona çox təşəkkür edəriəm.
- Əbdüllətif bəy, ədəbiyyatlarımız, yaradıcılıq üslubumuz arasında nə kimi oxşarlıqlar görürsünüz?
- Bütün Şərq ölkələrində Şərq'in ruhundan doğan, şərqlilərin könlünü, zövqünü oxşayan mövzular, ortaq, ümumi şeylər var. İraq və Azərbaycan arasındakı tarixi əlaqələrə baxsaq, görərik ki, Azərbaycan'ın ən böyük mütəfəkkirləri Bağdad'da təhsil alıblar. Azərbaycan'ın dini alimlərinin əksəri də Nəcəf'də, Kərbəla'da oxuyublar. Azərbaycan'ın hər addımı İraqla bağlıdır. Azərbaycan'ı başqa bir Ərəb ölkəsi ilə bağlayan heç nə yoxdur. İraqla Azərbaycan elə bil bir bütövün parçalarıdır. İraqla Azərbaycan tarixən həmişə bir olub. Füzuli'nin yubileyini keçirəndə ürəyimiz o qədər şad idi ki, mənə elə gəlir, biz yubileyi nə Türkiyə'dən, nə də Azərbaycan'dan əskik keçirmədik.
Amma ədəbiyyata gəlincə, məncə, şe’r hər şairin öz görüşündən doğur. Məsələn, mən şe’r yazdığım zaman insanların acısını, qayğısını, kədərini dilə gətirmək istəyirəm. Öz kədərimdən, üzüntümdən danışdığım zaman bütün insanların üzüntüsünü düşünürəm. Şe’r yazdığım zaman düşünürəm ki, burada nə qədər xoşbəxt yaşasam belə, dünyanın o tərəfində milyardlarla bədbəxt insanlar var. Onların da halından, dərdindən yazmalıyam. Hər birimiz bir-birimizə, öz xalqımıza, öz millətimizə xidmət etməyi düşünməliyik. Xalqın acısını, kədərini, sevincini, xoşbəxtliyini, istiqlalını, azadlığını əks etdirməyən şe’r, məncə, şe’r deyil.
- Deyəsən, Bakıda sizin şe’rlər kitabınız da hazırlanır.
- Bəli, bir şe’rlər kitabım hazırlanır. Onu da yəqin ki, Qəzənfər müəllim çap etdirəcək. Kitabın adı "Yolun sonunadək"dir. 40-50 şe’rim olacaq orda. Əsasən, son şe’rimdəndir. Ümid edirəm bu kitab göstərəcək ki, mən təkcə sərbəst şe’r şairi deyiləm. Mən həm də heca yazıram. Tənqidçilərin dediklərinə görə, İraqda sərbəst şe’rin öncüllərindən, bu şe’ri inkişaf etdirən şairlərdən biri olsam da, eyni zamanda hecanı da unutmuram.
0 Comments:
Post a Comment
<< Home