Kerkuk (Kerkük)-Türkman-Az

Turkomans: Diasopra of Azerbaijanian Turks in Iraq- Günéy Azerbaycan, Quzéy Azerbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır

Friday, July 21, 2006


Biz ayrı xalqlar deyilik

Iraq Türkmanları ilə bizi ortaqlıqdan daha çox, eyniyyət bağlayır

بيز آيري خالقلار دئييليك

عراق توركمانلاري ايله بيزي اورتاقليقدان داها چوخ عئينييت باغلايير



"Türkmənbaşı Füzuli'nin nə'şini kimdən istəyəcək?"

Profesor Qəzənfər Paşayev'in sözlərinə görə, İraqda mədəni tarixi abidələrin dağıdılması xəbəri əsasızdır

Ədəbi mühit narahat günlərini yaşayır. Füzuli'nin qəbri, Əbdüllətif Bəndəroğlu'nun taleyi və ən nəhayət, İraq Türkmanlarına məxsus mədəni-tarixi abidələrin dağıntıya mə'ruz qalması barədə gəzən söz söhbətlərin ardı-arası kəsilmir. Bu xəbərlərə aydınlıq gətirmək üçün İraq Türkmanları barədə ictimaiyyətə ilk dəfə ətraflı mə'lumat verən filologiya elmlər doktoru, profesor Qəzənfər Paşayev'ə üz tutduq. Müsahibimlə söhbətə İraq Türkmanlarının kimliyindən və ədəbi-mədəni irsinə dair bilgilərdən başladıq.

- İraq Türkmanlarının mədəniyyəti, məişəti, adət-ənənəsi, dünyagörüşü bizdən qətiyyən fərqlənmir. Ümumiyyətlə, Türkdilli xalqların mədəniyyətində, məişətində ortaq cəhətlər çoxdur. Ancaq Iraq Türkmanları ilə bizi ortaqlıqdan daha çox, eyniyyət bağlayır.

- Qəzənfər müəllim, İraq dövlətində toplum halında yaşayan, bə'zən İraq Azərbaycanlıları, bə'zənsə İraq Türkmanları adı ilə tanıdıqlarımız kimlərdir? Onların tarixi barədə nə demək olar?
- Bu suala cavab verməzdən əvvəl Kərküklü Səid İrmaq'ın bir sözünü yada salmaq istəyirəm. Səid İrmaq 1962-ci ildə Bağdadda ışıq üzü görən "Qardaşlıq" dərgisindəki məqaləsində yazır ki, "Vətən torpağı kiçilib, genişlənə bilər. Sərhədləri tükənə bilər. Şan və şərəfi tapdana bilər. Dini dəyişdirilə bilər. Qalan tək bir varlıq var. O, ana dilidir". Həqiqətən də tarixin keşməkeşlərindən keçən xalq qoruduğu tək bir varlığının - ana dilinin sayəsində folkloruna, adət-ənənəsinə, məişətinə sadiq qalır. İraq Türkmanları belə bir sınaqdan keçiblər. Tarixə nəzər salanda görürük ki, uzun əsrlər boyu bir olmuşuq. Öncə mübahisəli məqamları olmayan yaxın tarixə baxaq. Bildiyiniz kimi, 1868-ci ilə qədər İraq dövləti mövcud olmayıb. Bu ərazi əsrlər boyu Bağdad vilayəti statusunu daşıyıb. Məsələn, 1514-cü ildə Şah İsmayıl Xətai Çaldıran düzündə məğlubiyyətə uğradıqdan sonra Osmanlı Türkləri ilə müqavilə bağlayır. Bu müqaviləyə əsasən, Bağdad vilayəti Osmanlı imperiyasının tərkibinə keçir. Nadir Şah'ın vaxtında Bağdad vilayəti yenidən geri alınıb. Sonralar isə Osmanlı imperiyasının ərazisində yaradılan bir sıra Ərəb dövlətləri kimi, İraq meydana gəlib.

Ümumiyyətlə, Azərbaycanlıların bu vilayətə köçmələri barədə mə'lumata qədim tarixi mənbələrdə də rast gəlinir. Bir-bir tarixçilərin adını çəkmək istəmirəm. Nəzərinizə çatdırım ki, tarixçilər bu axını 7 mərhələyə bölüblər. Hesab edirlər ki, Türkmanlar ilk dəfə bu ellərə hicrinin 54-cü ilində gəliblər. Böyük Ərəb tarixçisi Təbəri öz əsərində bu faktı dönə-dönə qeyd edir.

- Türkmanların sayı nə qədərdir?
- 2 milyona yaxındır. Yeri gəlmişkən, onu da deyim ki, bə'zilərini Türkman sözü çaşdırır. Halbuki biz tarixən Türkman adlandırılmışıq. Türkman güclü, möhtəşəm, böyük, qüdrətli deməkdir. Qocaman, azman, şişman kimi sözlərmiz də bu qəbildəndir. Heç uzağa getməyək, kilasik ədəbiyyata nəzər salaq. Şah İsmayıl Xətai yazır: "Onda ki, Bağdad içrə Türkman qonar". Və yaxud Nəsimi deyir: "Sənə kimdir deyən Türkmansan?".

- Əsrlər boyu ayrı mühitdə yaşamaq İraq Türkmanlarının ədəbi-mədəni irsinə hansı tə'siri göstərib?
- İlk baxışda fərqli heç nə görmürəm. Sadəcə, onlar uzun illər yad xalqların əhatəsində yaşayıb. Bu, bir tərəfdən yaxşı deyil, tərəqqini ləngidir. Digər tərəfdənsə, xoşbəxtlikdir. Çünki dil, folklor daha mühafizəkarcasına qorunur. Təsəvvür edin ki, "Kitab-i Dədə Qorqud"da işlənən sözlərin əksəriyyətinə İraq Türmanlarının dilində rast gəlinir. Cəfər Cabbarlı'nın "Ana ürəyi", Seyid Əzim Şirvani'nin "Köpəyə ehsan" əsərlərinin əsas motivi də onlardan götürülüb. Mən yenə deyirəm, biz ayrı xalqlar deyilik. Sadəcə, tarixi yaddaşın unutqanlığı və ayrı-ayrı sərhədlərdə qalmağımız ucbatından yadlaşmışıq. Bu bilirsiniz nəyə bənzəyir? "Altı il Dəclə-Fərat sahillərində" adlı kitabımda bu haqda yazmışam. Vaxt gələcək uşaqlarımız necə olub ki, İranda yaşayan Şəhriyar "Heydər babaya salam"ını Azərbaycan dilində yazıb deyə soruşacaqlar. Bilirsiniz, tarixi unutqanlıq var. İndi Dərbənd'dən yad bir el kimi danışılır. Ancaq heç kim fərqinə varmır ki, bu, Azərbaycan'ın ən qüdrətli xanlıqlarından biri sayılan Dərbənd Xanlığı olub. Necə ki, Mosul'da, Kərkük'də Atabəy xanlıqları olub. Və yaxud Nəsimi harda yaşayıb? Hələblə Şam'ın arasında Qara Türkman xanlığında. İndi dilimizdə işlətdiyimiz Qaradüz, Qayazı sözlərinin kökü ora gedib çıxır. Eləcə də Füzuli. Bayat elində doğulub və bütün ömrü boyu oradan kənara çıxmayıb.

- Yeri gəlmişkən, uzun illər apardığınız tədqiqatlar zamanı adını çəkdiyiniz görkəmli şairlərin həyat və yaradıcılığına dair hansı yeni faktlarla qarşılaşmısınız?
- Əvvəla, onu deyim ki, uzun illər bizdə Nəsimi Allah'a qarşı çıxdığına görə e'dam olunub fikri formalaşdırılıb. Ancaq bu, belə deyil. Sadəcə, Sovet ideologiyasının tə'siri ilə Nəsimi'nin e'damı bu cür qələmə verilib. Gəlin Nəsimi'nin yaradıcılığına baxaq. O heç vədə Allah'a, yaradana qarşı çıxmayıb. Hətta Nəsimi'nin ölümünə fitva veriləndə qazilər yığışırlar. Və istər-istəməz sual ortalığa çıxır ki, Nəsimi nəyə görə e'dam olunur? Qazilərdən biri şər ataraq deyir ki, o Allah'a qarşı çıxdı, mən eşitdim. Nəsimi kəlme-yi şəhadətini deyərək, cavab verir ki, yalandır, iftiradır. Sadəcə, Nəsimi Qaraqoyunlu dövlətinin tərəfdarlarından idi. Xalq arasında böyük nüfuzu olan Nəsimi'nin bu mövqeyi qarşı tərəfi aqresivləşdirirdi. Bu səbəbdən də Misir sultanı Məhyəddin Nəsimi'nin ölümünə fitva verib. Həqiqət budur. Təsadüfi deyil ki, Nəsimi e'dam olunduqdan sonra bir əli və bir qolu Qaraqoyunlu dövlətinə, o biri əli və qolu isə Diyarbəkir'ə göndərilir. Heç uzağa getməyək, Nəsimi dinə qarşı çıxdığına görə e'dam olunmuşdusa, nəyə görə İraqda Nəsimi'nin böyük bir mavzoleyi ucaldılıb? Hələbdə Nəsimi adına küçə var. Yaradıcılığına gəlincə, bir neçə il bundan əvvəl Bəndəroğlu ilə birgə Nəsimi'nin yeni əlyazmasını tapdıq. Həmin əlyazmalar kitab şəklində ışıq üzü gördü. Onu da deyim ki, 1987-ci ildə "İraq divanı" adı ilə çap olunan bu kitabdan Nəsimi'nin 30 yaxın dinlə bağlı şe'ri çıxarıldı. 1980-ci ildə isə Füzuli'nin Mosulda yeni əlyazmalarını aşkarladıq. Və Həmid Araslı'nın elmi rəhbərliyi altında Sinan Səid'in həyat yoldaşı Raidə xanım bu əlyazmalarla bağlı disertasiya müdafiə elədi.

- İraq Türkmanları mədəniyyətləri, tarixləri ilə bağlı daha nələri mühafizə edə biliblər?
- Məncə, ən böyük yaddaş xalqın folklorudur. Folklor elə bir ümmandır ki, o heç vaxt bitib-tükənmir. O, həmişə saflığını qoruyan incilər məbədidir. İraq Türkmanlarına bu məbədi qoruyub saxlamaq müyəssər olub. Kərkükdə Qarabağlı məhəlləsi, Şirvan qalası var. Onu da deyim ki, Kərkükdə "Qarabağ şikəstəsi"ni də oxuyurlar. Və bütün xalq mahnılarımız eynidir. Mən deyərdim İraq bəlkə də yeganə Ərəb dövlətidir ki, biz onunla qırılmaz tellərlə bağlıyıq. Bu tellərlə bağlı kilasik ədəbiyyatımızda yetərincə faktlar var. M. P. Vaqif də, M. V. Vidadi də "Durnalar" şe'rində "Bağdad" deyə İraq Türkmanlarına üz tutub.

- İraq Türkmanlarının mədəni hüquqları barədə mə'lumat verə bilərsizmi? Ana dilində təhsil almaq imkanları necədir? Bu dildə qəzet, jurnal nəşr olunurmu, radiyo, televiziya verlişlərini dinləmək imkanları varmı?
- Vaxtilə bunların hamısı olub. Hətta mədəniyyət, təhsil nazirlikləri nəzdində departamentləri də var idi. Ancaq nahaqdan demirlər ki, kiçik xalqın faciəsi böyük olur. İraq Türkmanları ana dilində necə təhsil alsınlar? Dövlət dili Ərəb dilidir. Bütün ali təhsil müəssisələrində, ictimai yerlərdə bu dil hakimdir. Ona görə də İraq Türkmanları ərəb dilində təhsil almağa məcburdular. Vaxtilə Seyid Əzim Şirvani deyirdi ki, Rus dilinə ehtiyacımız çoxdur, bilməsək dil əlacımız yoxdur. İraq Türkmanlarının da Ərəb dilinə ehtiyacları var. Təəssüf ki, 80-ci illərdən e'tibarən yuxarıda söylədiklərimin çoxu aradan götürülüb. İranla müharibə, daha sonra beynəlxalq aləmlə münasibətlərin kəskinləşməsi ölkəni ağır duruma saldı. Elm adamları, o cümlədən, ziyalılar ölkəni tərk etdi. Son hadisələr isə göz qabağındadır.

- Fürsət düşmüşkən, son hadisələrə toxunaq. Deyilənə görə, Kürdlər Kərkük və Mosulda mədəni-tarixi abidələri dağıdıblar.
- Bildiyiniz kimi, son İraq hadisələri vaxtı Kürdlər Mosula və Kərkük'ə girsələr də, qısa vaxt ərzində bu ərazidən çıxarıldılar. Həmin ərazidə olan mədəni-tarixi abidələrin dağıdılmasına gəlincə, narahat olmağa əsas yoxdur. Çünki orada olan əsas abidələr dinlə bağlıdır. Dinlə bağlı abidələrə isə heç kim toxunmur. Birinci Allah'dan qorxur, sonra da bəndədən. Ümumiyyətlə, son İraq hadisələrində heç bir müqəddəs yerə toxunulmayıb. Yeganə tarix muzeyi dağıdılıb. O da xalq üçün nə qədər önəmli və müqəddəs olsa da, dini nöqte-yi nəzərdən heç bir önəm kəsb eləmir.

- Yeri gəlmişkən, Füzuli'nin qəbri ilə bağlı müxtəlif versiyalar var. Bə'ziləri deyir ki, Füzuli'nin qəbri 20 il əvvəl yoxa çıxıb. Bə'ziləri Səddam Hüseyn'in göstərişi ilə bu ərazinin asfaltlandığını iddia edir. Ən son versiyaya görə isə Türkmənbaşı Füzuli'nin nə'şini almaq niyyətindədir.
- Bu versiyaların hamısı yalandır. 1980-ci ilin əvvəllərində Kərbəla'da İmam Hüseyn və Həzrət Abbas məscidinin ətrafını təmizləmək qərarı verildi. Çünki burada evlər bir-birinə həddən ziyadə yaxın idi: məscidləri ziyarət eləmək mümkün olmurdu. Ona görə də İmam Hüseyn və Həzrət Abbbas'ın məqbərəsinin ətrafınını təmizlədilər. Bu zaman qiblə qapısının 20 metrliyində olan Füzuli'nin qəbrini də köçürdülər: onun böyük mavzoleyini dağıtdılar, nə'şini isə gətirib İmam Hüseyn məscidində qədim əlyazmaların qorunduğu zalın girişində dəfn etdilər. Şəxsən mən 1994-cü ildə Kərbəla'ya gedəndə Füzuli'nin qəbrini ziyarət elədim. Bu barədə deyilənlərin və yazılanların hamısı yalan və şayiədir. Ötən əsrin 90-cı illərində, Füzuli'nin yubileyi ərəfəsində də belə bir şayiə yayılmışdı. Onda da biz bu yersiz söz-söhbətlərə son qoyduq. Türkmənbaşı'nın Füzuli'nin nə'şini alması xəbəri isə tamam məntiqsizdir. Araya nifaq salmaq üçün bu xəbəri yayırlar. Bir də axı Türkmənbaşı Füzuli'nin nə'şini kimdən istəyəcək? Amerika generalından? Bir faktı da deyim, hazırda Füzuli'nin İmam Hüseyn məqbərəsində olan qəbrinin başdaşında belə yazılıb: "İraq şairi Füzuli". Başdaşının aşağı hissəsində isə "Füzuli Türk dillərinin Azəri ləhcəsində və Ərəb, Fars dillərində yazıb" sözləri var.

- Türkman və Azərbaycan mədəni ədəbi əlaqələrini yaradanlardan biri olan Əbdüllətif Bəndəroğlu'nun taleyi barədə nə deyə bilərsiniz?
- Yeri gəlmişkən, elə mən də bu məsələyə münasibətimi bildirmək istəyirdim. O gün Rövşən Novruzoğlu - gərək ki, özünü politoloq aldandırdı - Bəndəroğlu ilə bağlı əsassız bir açıqlama verdi. Nəzərinizə çatdırım ki, Bəndəroğlu neçə illərdir Anadolu agentliyinin İraqda təmsilçisidir. Və İraqda İnformasiya Nazirliyi dağıdılarkən, bütün agentliklər mehmanxanada məskunlaşdı. O cümlədən, Bəndəroğlu. Mən hər gün onunla əlaqə saxlayıram, sağ-salamatdır. Hərçənd Rövşən Novruzoğlu'nun bu açıqlamasından sonra qələm yoldaşlarımız da ciddi narahat olmuşdular.

- İraq Türkmanları ilə Azərbaycan'ın müasir ədəbi-mədəni əlaqələri hansı səviyyədədir?
- İraqda Əbdüllətif Bəndəroğlu'nun əməyi sayəsində "Azərbaycan hekayələri", "Azərbaycan şairləri", "Azərbaycan şe'rindən seçmələr" adı kitabları, həmçinin Nəbi Xəzri'nin, Bəxtiyar Vahabzadə'nin, Elçin'in əsərləri ışıq üzü görüb. Kamil Vəli Nərimanoğlu'nun "Elin yaddaşı, dilin yaddaşı" və mənim iki kitabım Bağdad'da nəşr olunub. Bağdad'da çıxan "Yurd" və "Birlik səsi" jurnalında Azərbaycanla bağlı həmişə silsilə yazılar gedir. Hazırda Kərkük diyalektinin fonetikasını çapa hazırlayıram. Elmlər Akademiyasının xətti ilə Kərkük diyalekti barədə ətraflı kitab nəşr olunacaq. Bir sözlə, əlaqlərimiz indi də sıxdır.

- Əlaqələrin sıx olmasına baxmayaraq, bildiyimizə görə, hazırda bu sahə ilə məşğul olan tədqiqatçılarımız, demək olar ki, yox səviyyəsindədir.
- Elədir. Ən müxtəlif illərdə ayrı-ayrı alimlərimiz bu sahəyə maraq göstərsələr də, mütəmadi, demək olar ki, heç kim məşğul olmayıb.

- Necə oldu ki, Siz bu sahəyə maraq göstərdiniz?
- Bunun qəribə tarixçəsi var. Mən Xarici Dillər İnstitutunu bitirmişəm. İşimlə əlaqədar İraq'a göndərildim. O vaxt belə səfərlərə bir il öncədən hazırlıq görülürdü. Üzə çıxmasam da, yazı-pozu ilə məşğul olduğumdan Yazıçılar İttifaqı və Elmlər Akademiyası ilə əlaqələrim var idi. İraq'a getdiyimi eşidən yoldaşlar mənə məsləhət gördülər ki, Rəsul Riza'nın "Azərbaycan" jurnalında dərc edilən "Uzaq ellərin yaxın töhfələri" adlı məqaləsini oxuyum. İraqda yaşayan Azərbaycanlılardan bəhs edən məqalə ilə tanış olduqdan sonra mövzu ilə maraqlanmağa başladım. Daha sonra Məmmədağa Şirəliyev mənə məsləhət gördü ki, səfər müddətində İraqda yaşayan Azərbaycanlıların diyalektini öyrənim. Mən də öyrəndim. 1969-cu ildə "Kərkük diyalektinin fonetikası" mövzusunda namizədlik disertasiyası müdafiə etdim. Diyalekt isə elə sahədir ki, onu öyrəndikcə istər-istəməz folklorun materiyallarını yığırsan. Beləliklə, bütün ömrümü bu sahəyə bağladım. 1968-ci ildə Rəsul Riza ilə birgə ərsəyə gətirdiyimiz "Kərkük bayatıları" kitabı çıxdı. Bu kitab mənim üçün çox əzizdir. Çünki Rəsul Riza adımın onun adı ilə yanaşı getməsini rəva bilib. Onda mən cavan idim. Hazırda İraq Türkmanları ilə bağlı 20-dən artıq kitabın müəllifiyəm. 2000-ci ildə möhtərəm prezidentimiz Heydər Əliyev "Qardaşlıq" dərgisinə müsahibə verərkən, belə bir ifadə işlətdi: "Tarixi araşdıranda gördüm ki, Quzey Azərbaycan da, Güney Azərbaycan da, İraq Türkmanları da bir bütövün parçalarıdır". Mən bir bütövün parçasını öyrəndiyimə və bu parçalar arasında tanışlıq yaratdığıma görə fəxr edirəm...

0 Comments:

Post a Comment

<< Home