Kərkük bizə İraq deyil
كركوك بيزه ايراق دئييل
Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır- Heydər Əliyev
گونئي آزربايجان٬ قوزئي آزربايجان و عراق توركمانلاري بير بوتؤوون پارچالاريدير- حئيدر عليييئو
"ONLAR BİZİM DOĞMACA BACI-QARDAŞLARIMIZDIR..."
Bəxtİyar Vahabzadə
Bə'zi dünyadan və tarixdən bixəbərlər İraq'da yaşanan son proseslərə "Bizə nə? Özümüzün ən azı Qarabağ boyda dərdimiz var" pirinsipi ilə yanaşırlar. Əslində isə bu qədim sivilizasiya məskənindəki olayların bizimlə kifayət qədər bağlılığı vardır. Ən azı ona görə ki, bəşəriyyətin bir parçası olan İraq Müsəlman dünyasının bir üzvüdür. Və ən başlıcası, əsrlərdir ki, bu ölkənin Kərkük və Ərbil vilayətlərində hazırda sayları 2 milyon yarıma çatmış qanbir, canbir soydaşlarımız - Türkman adlanan Azərbaycan Türkləri yaşayır.
Bu gün İraq'ı işğal etmiş koalisiya qüvvələrinin Kərkük'də soydaşlarımıza dəxli olmayan qondarma bir dövlət quracağı barədə mə'lumatlar səslənir. Bu, tarix boyu neçə yerə bölünmüş Azərbaycan'ın ürəyinə daha bir yara olmayacaqmı?
Bu gün biz burda dura-dura Xəzər'in o tayından Türkmənbaşı guya Kərküklülər Türkməndir deyə, soydaşlarımıza yiyəlik eləmək, hətta Füzuli'nin qəbrini Aşqabad'a köçürmək cəhdlərində bulunur.
"Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır". Bu fikir Azərbaycan'ın dövlət başçısı Heydər Əliyev'ə məxsusdur.
Dərinlikləri ən azı Tusi, Füzuli dönəmlərinədək çıxan Azərbaycan-İraq tarixi əlaqələrinin araşdırılmasında profesor Qəzənfər Paşayev'in xüsusi xidmətləri olmuşdur.
20 iyun 2001-ci il tarixdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində "Azərbaycan-İraq (Türkman) Ədəbiyyat və Mədəniyyət ekspozisiyası"nın açılış mərasimi keçirilmişdir. Xalq şairi Bəxtiyar Vahabzadə xatirə kitabında yazır: "Tarixin hansı amansız dövründəsə doğma yurdlarından ayrı düşüb İraq torpağında özünə yeni yuva quran Kərküklü qardaşlarımız ayrılıq dərdlərini "Bilmirəm haralıyam, Torpağım, daşım qərib" - xoyratında nə gözəl ifadə etmişlər... Bu deyimin daşıdığı mə'nanı çözələsək, sözlərin altında gizlənən od-yanğı bizi də yandırar... Demək, xalqın yaratdığı iki misra böyük bir tarixdən - Kərküklülərin İraq torpağına məhz Azərbaycan'dan köçmə olduqlarından xəbər verir. Onlar bizim doğmaca bacı və qardaşlarımızdır" (MEA, N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyi, "İraq bizə İraq deyil", 2002).
Azərbaycan ərazilərindəki Ağdaş, Ağdam, Bilava, Boyat, Qarabulaq, Qaraqoyunlu, Qarabağlı, Əmirli, Yayçı, Yengicə, Mərdinli, Üçtəpə, Göytəpə, Xasa, Çardaqlı v. s. rayon, şəhər, kənd adlarına eynilə Kərkük dolaylarında da təsadüf edilir. Kərküklülərin xoyrat və dastanlarında tez-tez Qarabağ, Gəncə, Şirvan kimi yer adlarından söhbət gedir. İraq'ın Kifri məntəqəsi yaxınlığında "Şirvan" qalası vardır. "Şirvan" qalası İraq'da yaşayan Azərbaycan Türklərinin tarixi abidəsi kimi 1961-ci ildə Bağdad'da çap olunan İraq Respublikasının xəritəsində öz əksini tapmışdır.
Kərküklü soydaşlarımızla ləhcə fərqlərimiz də çox cüz'idir. Araşdırmaçı Məhəmməd Xurşid Davudlu yazır: "Tarixin bəlli olmayan çağlarında Türkmanların Güney Azərbaycan bölgəsindən köç edib burada yerləşməsi apaydın bir həqiqətdir. Qonuşduqları ləhcə və bir çox əşirət adları bunu isbat etməkdədir. Bəşir köyündə Marağalılar, Bayat əşirəti ilə Tuz Xurmatu bölgəsində Şahsevənlər tayfası buna birər kiçik dəlildir".
Araşdırmalar Türkmanları hazırda Türkmənistan'da yaşayan Türkmənlərlə eyniləşdirənlərin də səhv etdiyini sübut edir. Əbdüləzəl Dəmirçizadə yazır: "O dövrlərdə Türkman etnonimi indiki mə'nadan bir qədər fərqli işlənmiş, hətta indi Bağdad ətrafındakı Azərilərin Türkman adlandırılması da bu sözün əvvəlki mə'nası ilə əlaqədardir".
M. Ə. Rəsulzadə deyirdi: "Milləti təmsil edən müştərək əlamətlərin başlıcası dil, din, adət-ənənə və ədəbiyyatdır".
Hazırda Ermənilər tərəfindən ABŞ-ın İraq'dakı "qara siyahısı"na daxil etdirilmiş məşhur Kərkük ziyalısı, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri doktoru Əbdüllətif Bəndəroğlu'nun Kərkükdəki Gürgürbaba dağına xitabən yazdığı aşağıdakı sətirləri İraqdakı soydaşlarımızla ortaq dərdlərimizin tərcümanıdır:
Gürgür baba, Heydər baba ağladı,
Şəhriyar'ın yarasını bağladı.
Daşa dönən ürəkləri dağladı,
Sən də bir az Təbriz üçün yan, baba,
Qan qardaşı, qan qusuruq, qan, baba!..
Sultan LAÇIN
0 Comments:
Post a Comment
<< Home